Həsrət qaldıq on bir ay.
Xoş gəldin, ya Ramazan.
Sahur vaxtı, sübh çağı
Zövqü oxşayır Azan.
Xoş gəldin, ya Ramazan.
Xoşbəxtlikdir hər rükət.
Var canlanma, hərəkət.
Sənlə gəlib bərəkət,
Nurla dolub hər qazan.
Xoş gəldin, ya Ramazan.
Yeni ruh, yeni nəfəs,
Hər bir kəsdə xoş həvəs.
Sultan deyilsən əbəs.
Allahdır savab yazan,
Xoş gəldin, ya Ramazan.
Hər günün "min gün savab",
Sanki etmişik tavab.
Gələndə sual-cavab
Olarsan günah "pozan",
Xoş gəldin, ya Ramazan.
Qərib deyir "Allahım,
Sən ver xeyir, Allahım.
Yazdım şeir, Allahım,
Sənsən ən böyük ozan".
Xoş gəldin, ya Ramazan.